Estetik diş həkimliyi pasientlərə ideal gülüş bəxş edən stomatologiya sahəsidir. Bu bölmə heliokompozit (ultra bənövşəyi işıqla sərtləşən) plomblar, laminat vinirlər, zirkon qapaqlar, keramika qapaqlar və alternativ bərpa elementlərini (inlay, onlay və overlay) əhatə edir. Estetik plomblar ənənəvi materiallardan fərqli olaraq rəng, forma və pasientin gülüşünə uyğun olaraq seçilir və pasient plombun uzun müddət istifadəsindən razı qalır.
Laminat vinirlər müasir dövrdə “Hollivud gülüşü”-nün əsas kriteriyasıdır. İlk öncə, pasientin istəyi nəzərə alınaraq, gələcək dişlərin müvəqqəti forması təqdim olunur. Bu forma bəyənildikdən sonra, əsas işlərə keçilir. Bu taktika dişlərin minimum yonulmaqla üzərinə xüsusi dizaynla davamlı və estetik laminatlar hazırlanmasına imkan yaradır. Əlavə olaraq, lüminir adlanan laminat növü də var ki, bunların hazırlanması zamanı dişlərin yonulmasına ehtiyac olmur.
Bugünkü stomatologiyada qapaqların ən çox istifadə olunan Zirkon və Press keramika növləri yüksək zövqlü insanların istəyinə tam cavab verir. Xüsusi şəkildə insan əli dəymədən CAD/CAM texnologiyası ilə hazirlanan zirkon (ZrO) və yüksək təzyiq altında hazırlanan E.max. press (LS2) keramika qapaqlar rəng və estetik baxımdan pasientlərin zövqünə tamamilə uyğun gəlir. Bu qapaqlar şəffaf olub diş ətində rəng dəyişmə effekti vermir.
Kariyesli dişlərin müalicəsində alternativ bərpa üsulları olan inlay, onlay və overlaylar dişlərin forma və funksiyasının bərpasında dəqiq müalicə metodlarından biridir.
Karioz boşluqlar yonularaq ölçü götürülür, yüksək dəqiqliklə laboratoriyada hazirlanır və dişlərə sementlənir.